دوشنبه، شهریور ۲۲، ۱۳۸۹

Balaş Azəroğlu : SƏMƏD BEHRƏNGİNİN QƏBRİ BAŞINDA


Təbriz şəhərinə gəldim bu səhər,
Mən səni dostlardan alanda xəbər:
O bir gülüstanda yatır,- dedilər,-
Bu ana torpağın əzizi təki,-
Səməd Behrəngi.

Qəbrinin önündə başımı əydim,
əzəldən bu olub istədiyim, əhdim:
Həyatda bircə yol səni görəydim,
Qoyaydım başına şer çələngi,-
Səməd Behrəngi.

Yazdın ki, vətənim “para-para”dır
Hər para qəlbimdə dərin yaradır.
“Qara balıq”in da ümman aradın,
Ancaq uddu onu ümman nəhəngi,-
Səməd Behrəngi.

Heç kəndə, şəhərə sən sığışmadın,
Gəzdi ölkə-ölkə şöhrətin, adın.
Dolandı arxanca əcəl-cəlladın,
Dalğalar qılıncı, Araz tüfəngi,-
Səməd Behrəngi.

Bilmirəm fələyin bizlə qəsdi nə.
Vaxtsız ölüm yeli əsdi üstünə.
Məyər Araz durdu sənin qəsdinə?
Bəs nədən qaraldı suların rəngi,-
Səməd Behrəngi.

And yerin bu vətən torpağı oldu,
Adın dostlarının bayrağı oldu.
Təbizdə nə qədər “Səməd” doğuldu,
Dəyişdi həyatın köhnə ahəngi,-
Səməd Behrəngi.
                                                  
                                                       1996, Təbriz

هیچ نظری موجود نیست: