سه‌شنبه، اسفند ۱۷، ۱۳۸۹

Bu gün Yel çərşənbəsidir


Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir
Bu gün Yel çərşənbədir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.

Bundan başqa, inanca görə Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.Cersenbeniz Mubarek..)

بو گون يئل چرشنبه سيدير
بو گون يئل دونياني دولاشير، سويو، اودو حرکته گتيره رک يازين گليشيندن خبر وئرير بو گون يئل چرشنبه دير. يئل چرشنبه سينه ائل آراسيندا " کولکلي چرشنبه " ، " کولک اويادان چرشنبه " ، " يئللي چرشنبه " ده دئييلير. قديم اعتيقادلاردا قئيد ائديليب کي، تورپاغين آلتيندا - " قارا نهرده " ياتميش دؤرد جور کولک يئر اوزرينه چيخاراق موختليف ليباسلاردا اؤزونو گؤسترير. ميفولوگيياميزدا آغ يئل - آغ، قارا يئل قارا، خزري - گؤي، گيلاوار - قيرميزي ليباسدا تصوير ائديلير. يئل چرشنبه سي گونو يئل بو دؤرد يئلله بيرلشيب دونياني دولاشير، گزيب اويانميش سويو، اودو حرکته گتيره رک يازين گليشيندن خبر وئرير. شيفاهي خالق ياراديجيليغيندا يئلين تانري اولماسي ايله باغلي موختليف نغمه، افسانه، روايت، ميف، اينانج، مسل و س. يارانيب. قديم دئييملره گؤره، يئل بابا خيرمانا گلمه ميشدن قاباق اورادان بوغدا، دن گؤتورمزلر. سووورولماميش بوغدا گؤتوره نين اوغلو اؤلر. بوندان باشقا، اينانجا گؤره يئل چرشنبه سي گئجه سي سؤيود آغاجي نين آلتينا گئديب نيت ائله و يئل باباني چاغير. اگر يئل بابا سنين سسيني ائشيديب اسسه و سؤيودون بوداقلاريني تورپاغا توخوندورسا، ديلگين يئرينه يئتر. يئل چرشنبه سي گونو تونقاللار قالانير، ائولرده سودلو پلوو و يا بولغور آشي بيشيريلير. سوفره يه داها چوخ قورو مئيوه و دنلي بيتکيلردن حاضيرلانميش چرزلر دوزولور. قادينلار آخير چرشنبه اوچون حاضيرليقلار گؤرورلر. ائو اشيالاري سورتولوب تميزله نير، خالچا-پالاز چيرپيلير، يورغان-دؤشک هاوايا وئريلير. خانيملار اوشاقلار اوچون تزه پالتار بيچيب-تيکير. قيز-گلينلر قوز-فينديغي لپله ييب شيرنيات حاضيرليغي تداروکو گؤرورلر. بو گون بير قاريش بؤيوموش سمه ني نين اورتاسينا قيرميزي قوماش باغلانير.جئرسئنبئنيز موبارئک..)